2019-cu ilin sonunda yaranan COVID-19 virusu bir çox digər sektor kimi avtomobil istehsalına da təsirsiz ötüşməyib. İlkin mərhələdə avtomobil istehsalçılarını Çində yerləşən zavodlarının əksəriyyətini bağlamağa təşviq edən bu virus getdikcə Avropa Birliyi, Şimali Amerika və digər başqa bazarlara da təsirini göstərməyə başlayıb.
1923-cü ildən bəri keçirilən və bu il də 13/14 iyun tarixlərində Fransada keçirilməsi planlaşdırılan “Le Mans 24 Hours” yarışı 19/20 sentyabr tarixlərinə ertələnib.
“Rolls-Royce” şirkəti “Goodwood” istehsal zavodunun fəaliyyətini iki həftəliyinə dayandırıb. “Porsche” brendi isə 21 mart tarixindən etibarən Almaniyanın Zuffenhausen və Leipzig şəhərlərində yerləşən zavodlarını iki həftəlik dayandıracağını açıqlayıb. Avropa Birliyi ölkələrində və Birləşmiş Krallıqda yerləşən zavodlarının fəaliyyətini dayandıran yapon istehsalçılar “Toyota Motors” və “Honda Motors” bugün Şimali Amerikada yerləşən istehsal müəssisələrini 20 mart tarixindən müvafiq olaraq iki həftəlik və altı günlük dayandıracağını açıqlayıb. Bununla belə, ehtiyat hissələri deposu və logistika mərkəzi fəaliyyətini davam etdirəcək. “Tesla” şirkəti Kaliforniya, Fremontdakı zavodunda koronavirusa yoluxmuş işçilər aşkarladıqdan sonra zavodun fəaliyyətini dayandırıb və yaxın günlərdə işçilərinin 75%-ə qədərini ixtisara salacağını açıqlayıb.
Ümumilikdə nəzər saldıqda isə, Avropa Birliyi ölkələrində avtomobil satışları ötən ilin müvafiq aylarına nisbətdə yanvar ayında 7.5%, fevral ayında isə 7.4% azalıb. Çində isə minik avtomobili satışları mart ayının birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə 47% geriləyib.
Dİgər tərəfdən isə, ABŞ-da fevral ayı ərzində nəqliyyat vasitələrinin satış həcmi 2019-cu ilin fevral ayı ilə müqayisədə 8.6% yüksəlib və 1 milyon 373 mini ötüb.