
Yapı Kredi Bank Azərbaycan-ın dəstəyi ilə həyata keçirilən sosial-ekoloji təşəbbüslər davam edir. Ətraf mühitin qorunması və dayanıqlı gələcək naminə irəli sürülən “Card to Art” layihəsi istifadə müddəti başa çatmış plastik kartların təkrar emalına və sənət əsərlərinə çevrilməsinə imkan yaradır.
Layihə “Təmiz Şəhər” ASC tərəfindən təşkil olunub və Ekologiya və Təbii Sərvətlər Nazirliyi, DOST İnkluziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Facility Management Group, Global Media Group, “Araz” supermarketlər şəbəkəsi, ECOhub və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi layihəyə dəstək göstərir.
Layihə çərçivəsində xüsusi toplama qutuları müxtəlif məkanlarda yerləşdirilib. Toplanan plastik kartlar yaradıcı şəxslər tərəfindən sənət əsərlərinə çevriləcək. Hazırlanacaq incəsənət nümunələri Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC tərəfindən yaradılan “Tullantıdan Sənətə” muzeyində təşkil ediləcək “Card to Art” sərgisində ziyarətçilərə təqdim olunacaq.
Yapı Kredi Bank Azərbaycan dayanıqlı inkişaf prinsiplərinə sadiq qalaraq müştəriləri və ictimaiyyəti ətraf mühitin qorunmasına töhfə verməyə çağırır və istifadə müddəti bitmiş plastik kartların incəsənətə çevrilərək yenidən dəyər qazanmasını dəstəkləyir.







