
BBN AZ – TOKİO Qlobal bazarların diqqəti bu həftə Yaponiya Bankının (BOJ) aprel iclasına yönəlib. İnvestorlar mühüm bir sualın cavabını axtarırlar: Bank faiz dərəcələrini artıracaq, yoxsa “gözlə və gör” strategiyasına davam edəcək?
Analitiklər Yaponiya Bankının bu iclasda uçot dərəcəsini 0.75% səviyyəsində sabit saxlayacağını proqnozlaşdırırlar. Lakin bu “sabitlik” heç də bankın yumşaq mövqedə olduğu mənasına gəlmir. Ekspertlər bunu “Şahinvari Saxlama” (Hawkish Hold) kimi qiymətləndirirlər. Yəni bank faizi artırmasa da, gələcək artımların anonsunu verə bilər.
İran ətrafında baş verən geosiyasi gərginliklər və neft qiymətlərindəki qeyri-müəyyənlik də Yaponiya iqtisadiyyatı üçün ciddi təzyiq yaradır. BOJ rəsmiləri bu gərginliyin həm enerji inflyasiyasını artıracağından, həm də iqtisadi artıma zərbə vuracağından narahatdırlar.
Bankın inflyasiya proqnozuna gəldikdə isə qeyd edək ki, Yaponiya Bankının 2026-cı il üçün inflyasiya proqnozunu 1.9%-dən 2.4%-ə qədər yüksəltməsi gözlənilir. Əgər BOJ iyun ayı üçün kifayət qədər sərt siqnallar verməsə, Yapon Yeninin digər valyutalar qarşısında daha da dəyər itirəcəyi proqnozlaşdırılır.
Qərar 28 aprel tarixində Bakı vaxtı ilə səhər saatlarında elan ediləcək. İclasdan dərhal sonra BOJ sədri Kazuo Uedanın çıxışı bazarlarda kəskin dalğalanmalara səbəb ola bilər.




