
ABA-nın aparıcı iqtisadçısı Vüsal Həsənovun Vergilər.az saytına verdiyi müsahibəsini aşağıda təqdim edirik:
““Yaşıl maliyyə” və “yaşıl kredit” nədir?
“Yaşıl maliyyə” anlayışı ətraf mühitin qorunması, təbii resurslardan səmərəli istifadə və iqlim dəyişikliklərinin azaldılmasına yönəlmiş investisiyaların maliyyələşdirilməsini əhatə edir. Bu çərçivədə “yaşıl kreditlər” xüsusi əhəmiyyət daşıyır, çünki onlar məhz ekoloji və davamlılıq prinsiplərinə uyğun layihələrin maliyyələşdirilməsi üçün verilir. Azərbaycan Banklar Assosiasiyasının (ABA) aparıcı iqtisadçısı Vüsal Həsənov deyir ki, bu sahənin əhəmiyyəti həm iqtisadi, həm də sosial və ekoloji dayanıqlıqla bağlıdır. “Yaşıl kreditlər” sahibkarların uzunmüddətli xərclərini azaldaraq ölkənin enerji səmərəliliyini yüksəldir, ekoloji tarazlığı qoruyur və sosial rifahın artmasına töhfə verir. Bundan əlavə, sözügedən sahə ölkəmizin beynəlxalq öhdəliklərinə töhfə verməsi, iqlim dəyişikliklərinə davamlılığın artması, bank sektoru üçün yeni imkanlar yaratması və ölkə iqtisadiyyatının şaxələndirilməsinə xidmət etməsi baxımından da önəmlidir.
Cari ildə 290 milyon manat civarında “yaşıl kredit” verilib
Son illərdə Azərbaycanın bank sektoru “yaşıl maliyyə” istiqamətində ciddi addımlar atır. Banklar artıq öz kredit portfellərində “yaşıl layihələr” üçün ayrıca istiqamətlər formalaşdırmağa başlayıb. Belə ki, 2025-ci ilin ilk yarısında yerli banklar 12.756 “yaşıl kredit” verib ki, bunun da ümumi həcmi 289,9 milyon manat təşkil edir. Bu kreditlərin əsas hissəsi dayanıqlı kənd təsərrüfatı, heyvandarlıq və akvakultura sahəsinə yönəldilib. Bundan başqa, “yaşıl nəqliyyat”, enerji səmərəliliyi, bərpaolunan enerji, tullantıların idarə olunması və su ehtiyatlarının səmərəli idarə edilməsi istiqamətləri də maliyyələşdirilib.
Bir sıra sahələrdə irəliləyiş var
Bankların verdiyi “yaşıl kreditlər” hesabına bir sıra sahələrdə irəliləyişlər müşahidə edilib. ABA-nın aparıcı iqtisadçısı bildirir ki, ən nəzərəçarpan irəliləyiş kənd təsərrüfatında və “yaşıl nəqliyyat”da müşahidə olunur. Bu ilin birinci yarısında təkcə heyvandarlıq və akvakultura sahəsinə 91 milyon manat həcmində 12.285 “yaşıl kredit” ayrılıb. Bunun sayəsində daha dayanıqlı və resursa qənaət edən istehsal metodlarının tətbiqinə şərait yaranıb. Məsələn, enerji və su sərfiyyatını azaldan texnologiyalar, tullantıların təkrar istifadəsi və ekoloji standartlara uyğun yem istehsalı maliyyələşdirilir. Nəticədə həm məhsuldarlıq artır, həm də təbiətə mənfi təsir azalır. Eyni zamanda, bu, regionlarda kənd təsərrüfatı və akvakultura sahəsində məşğulluğun artmasına və ixrac potensialının güclənməsinə gətirib çıxarır. Bir sözlə, bu kreditlər hesabına kənd təsərrüfatında ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi, suya və enerjiyə qənaət edən sistemlərin maliyyələşməsi artıb. “Yaşıl nəqliyyat” sahəsində isə elektrikli nəqliyyat vasitələrinin alınması və infrastrukturun genişlənməsi istiqamətində maliyyələşmə səviyyəsi yüksəlib. Belə ki, sırf bu sahəyə verilən kreditlərin həcmi 112 milyon manatdan çoxdur. Bu, həm emissiyaların azaldılmasına, həm də şəhər ekosisteminin sağlamlaşdırılmasına müsbət təsir göstərir.
Bankların artan rolu
Banklar bu sahədə müəssisələrin və ev təsərrüfatlarının enerji qənaətli texnologiyalara keçidini maliyyələşdirir. Bura günəş panellərinin, istilik izolyasiya sistemlərinin, enerji effektiv avadanlıqların quraşdırılması daxildir. Eyni zamanda, bərpaolunan enerji layihələrinin, xüsusən günəş və külək stansiyalarının ilkin investisiya mərhələsində kreditləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu, ölkənin enerji təhlükəsizliyinə və karbon emissiyalarının azaldılmasına xidmət edir. İlin birinci yarısına olan statistik məlumatlardan aydın olur ki, enerji səmərəliliyinə və bərpaolunan enerjiyə ayrılan kreditlərin həcmi 56 milyon manatı ötüb.
Dairəvi iqtisadiyyat və tullantıların idarə olunması sahəsində “yaşıl kreditlər”in potensialı da diqqətə alınmalıdır. V.Həsənov vurğulayır ki, bu sahə gələcək üçün ən perspektivli istiqamətlərdən biridir. Dairəvi iqtisadiyyat resursların təkrar istifadəsi, tullantıların emalı və istehsal zəncirinin qapalı dövriyyə prinsipi üzərində qurulub. Hazırda banklar tərəfindən bu sahəyə 14,7 milyon manatlıq 58 kredit yönləndirilib. Gələcəkdə isə bu göstəricinin artacağı proqnozlaşdırılır, çünki həm dövlət, həm də özəl sektor bu istiqamətdə maraqlıdır. Bu da özlüyündə həm yeni iş yerlərinin yaradılmasına, həm də ekoloji yükün azalmasına xidmət edəcək.
ABA-nın aparıcı iqtisadçısı hesab edir ki, bank sektorunda “yaşıl kreditlər”in inkişafı üçün ilk növbədə milli “yaşıl taksonomiya”nın geniş tətbiqi, bankların kredit qərarlarında ekoloji və sosial riskləri nəzərə alması, bu tip layihələr üçün güzəştli maliyyələşmə mexanizmlərinin yaradılması və Mərkəzi Bank tərəfindən tənzimləyici təşviqlərin tətbiqi zəruridir. Mütəxəssis vurğulayır ki, bank əməkdaşlarının “yaşıl maliyyə” sahəsində biliklərinin artırılması, şəffaf hesabatlılıq sisteminin qurulması və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi də vacib amillər sırasındadır. Bu addımlar bank sektorunun resurslarını ekoloji baxımdan vacib layihələrə yönəltməyə, investisiya cəlbediciliyini artırmağa, iqlim dəyişikliklərinin təsirlərini azaltmağa və Azərbaycanın “yaşıl iqtisadiyyat” modelinə keçidini sürətləndirməyə imkan verəcək. Bütün bunlar bankların bu sahədəki təşəbbüslərini daha effektiv edəcək və beynəlxalq “yaşıl maliyyə” resurslarına çıxışını genişləndirəcək.”







