
“Qlobal neft bazarında 2026-cı ildə təklif tələbi üstələməyə davam edəcək, bu isə neft qiymətlərinə təzyiq göstərə bilər”.
BBN.az xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyindən bildirilib. Qeyd edilib ki, 2026-cı ildə Brent markalı neftin orta qiymətinin 63 ABŞ dolları/barel səviyyəsinə enəcəyini proqnozlaşdırır. Müqayisə üçün, 2025-ci ildə bu göstərici 69 dollar/barel səviyyəsində qiymətləndirilir.
Agentliyin məlumatına görə, 2025-ci ildə qlobal neft hasilatı əhəmiyyətli dərəcədə artıb və bu artımın 2026-cı ildə də davam edəcəyi gözlənilir. Həm OPEC+, həm də OPEC+ xaricində olan ölkələrdə neft istehsalı tələbdən daha sürətlə artır.
Agentlik qeyd edir ki, 2025-ci ilin sonlarında bazarda yığılan neft ehtiyatları 2026-cı ildə anbarlara daxil ola bilər. Xüsusilə ABŞ və Avropa kimi iri bazarlarda ehtiyatların artması qiymətlərin daha da azalmasına səbəb ola bilər.
Fitch-in qiymətləndirməsinə görə, mövcud şəraitdə neft bazarında profisit qalacaq, bu isə şirkətləri xərcləri azaltmağa və investisiyaları daha ehtiyatla planlaşdırmağa məcbur edəcək.
APA






