
2025-ci ilin dördüncü rübündə Yaponiya iqtisadiyyatı bazar gözləntilərini doğrultmayıb. Rəsmi məlumatlara görə, ölkənin ümumi daxili məhsulu (ÜDM) illik ifadədə cəmi 0,2% artıb. Bu göstərici analitiklərin proqnozlaşdırdığı 1,6%-lik artımdan xeyli aşağıdır.
Rüblük artım isə 0,1% təşkil edib (proqnoz: 0,4%). Qeyd edək ki, üçüncü rübdə iqtisadiyyat 2,3% daralmışdı və bu, son iki ilin ən zəif göstəricisi olmuşdu.
Hesabat dövründə kapital qoyuluşları (capex) cəmi 0,2% artıb. İxracda artım qeydə alınmayıb, özəl istehlak isə yalnız 0,1% yüksəlib. ABŞ tarifləri və Çinlə diplomatik gərginlik xarici tələbi zəiflədən əsas amillər kimi göstərilir.
Bununla yanaşı, ÜDM qiymət indeksi 3,4% artaraq inflyasiya təzyiqlərinin davam etdiyini nümayiş etdirib.
Analitiklər hesab edirlər ki, zəif iqtisadi artım fonunda Baş nazir Sanae Takaichi hökumətinin əlavə fiskal stimul tədbirlərinə üstünlük verməsi ehtimalı artır. Eyni zamanda, Bank of Japan üçün növbəti faiz artımları ilə bağlı qərar daha mürəkkəb mərhələyə keçə bilər.





