
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) “Şəhərlər üçün süni intellekt: şəhər planlaşdırılması və ağıllı, dayanıqlı icmaların qurulması” adlı iclasında çıxış edib.
Nazir müavini bildirib ki, Azərbaycan daha “ağıllı”, təhlükəsiz, dayanıqlı şəhər və icmaların formalaşdırılması məqsədilə süni intellekt texnologiyalarını şəhər və regional inkişaf sistemlərinə inteqrasiya edir. Bu istiqamətdə həyata keçirilən tədbirlər ölkənin milli rəqəmsal transformasiya gündəliyinin əsas prioritetlərindən biridir.
Samir Məmmədov çıxışında Azərbaycanın regional süni intellekt (Sİ) və data mərkəzi qovşağı kimi mövqeyini möhkəmləndirməsi istiqamətində görülən işlərdən də bəhs edib və bildirib ki, ölkənin enerji potensialı, fiber-optik şəbəkə ilə tam əhatə olunması, strateji coğrafi mövqeyi bu sahədə böyük imkanlar yaradır.
Nazir müavini şəhər mobilliyi və nəqliyyat sahəsində planlaşdırılan Sİ tətbiqlərinə də toxunub. Qeyd olunub ki, AYNA-nın “rəqəmsal əkiz” imkanları vasitəsilə şəhər mobilliyinin simulyasiya olunması, ADY-də texniki xidmət və daha “ağıllı” yük planlaması, Bakı Metropolitenində sərnişin axınının təhlili, təhlükəsizlik sistemlərinin təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Bu təşəbbüslər vahid Sİ ekosistemi yanaşmasının tərkib hissəsidir.
“Məqsədimiz şəhərlərimizi daha ağıllı, dayanıqlı, vətəndaşyönümlü idarəetmə modelinə çevirməkdir”, – deyə Samir Məmmədov iclasda vurğulayıb.




