
Bu ilin I rübündə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarına 158,7 milyon manat investisiya yatırılıb.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 dəfə çoxdur.
Məlumata görə, sənaye zonalarında sahibkarlar üçün əlverişli biznes və investisiya mühiti yaradılıb. İnvestorların fəaliyyətinin təşviqi məqsədilə sənaye parklarının rezidentlərinə qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə mühüm vergi və gömrük güzəştləri tətbiq edilir.
Belə ki, rezidentlər əmlak, torpaq və mənfəət vergilərindən azad olunur. Bununla yanaşı, istehsal məqsədilə idxal edilən texnika, texnoloji avadanlıq və qurğuların gətirilməsinə görə 10 il müddətində ƏDV və gömrük rüsumu tətbiq edilmir.
Agentlik hesab edir ki, tətbiq olunan güzəştlər investorların xərclərinin optimallaşdırılmasına, istehsal imkanlarının genişləndirilməsinə və yeni investisiyaların cəlb olunmasına əlavə stimul yaradır.




