Dekabrın 20-də Bakı Dövlət Universitetində (BDU) “Sərhədsiz istedadlar” adlı sərgi-yarmarka keçirilib. DOST Agentliyi, BDU və Azərbaycan Banklar Assosiasiyasının (ABA) birgə təşkilatçılığı ilə təşkil olunan tədbirin məqsədi əlilliyi olan şəxslərin hüquq, bilik və bacarıqları, eləcə də onlar üçün yaradılmış imkanlar barədə geniş məlumatlandırmanın aparılması olub.
Tədbir çərçivəsində əlilliyi olan tələbə və gənclərin çıxışları, o cümlədən müxtəlif ideya və layihələrin dinlənilməsi, “DanceAbility Azərbaycan” İnklüziv Rəqs qrupunun çıxışı, əlilliyi olan şəxslərin uğur hekayələrinə həsr olunmuş videoçarxın, eləcə də əl işlərinin nümayişi və yarmarkası təşkil olunub. Tədbirdə səsləndirilən ən uğurlu layihə və təkliflər tərəfdaş qurumlar tərəfindən dəstəklənib. Sərgidə müxtəlif müsabiqə və startap layihələrinin keçirilməsi barədə elanlar verilib.
Tədbirdə BDU-nun rektoru professor Elçin Babayev, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov, BMT-nin Uşaq Fondunun Yeniyetmə və Gənclərin İnkişafı üzrə mütəxəssisi Nigar Nəsrullayeva, Gender HUB Azərbaycan təşkilatının nümayəndəsi, ƏSA İnklüziv Teatrının aktyoru Orxan Əliyev, DMA-nın karyera məsləhətçisi Xanoğlan Sadiq və başqa dəvətli qonaqlar çıxış edərək əlilliyi olan şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, sosial müdafiəsi, inklüzvlik və bərabərliyin təmin olunması sahəsində müəssisələri tərəfindən həyata keçirilən layihələrdən danışıb, yeni çağırışlarla auditoriyaya müraciət ediblər.
Layihənin məqsədi əlilliyi olan tələbələri cəmiyyətə tanıtmaq, onlarda müxtəlif özünüinkişaf proqramlarına maraq oyatmaq, özgüvənlərini artırıb yeni layihələrə həvəslə və tərəddüdsüz qoşulmasını təmin etməkdir.
Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı sərgi iştirakçılarına “Dantenin yubileyi” tamaşasına 10 bilet hədiyyə edib.