
Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) “Bakı Metro Genişlənməsi Layihəsi”nin birinci mərhələsi üzrə 180 milyon ABŞ dolları məbləğində suveren kreditin ayrılmasını təsdiqləyib.
BBN.az bu barədə Banka istinadən xəbər verir. Məlumata görə, AIIB fevralın 6-da maliyyələşdirməni təsdiq edib.
Qeyd edilib ki, layihənin məqsədi Bakı metrosunun xidmət etibarlılığını artırmaq, texniki xidmətin səmərəliliyini yüksəltmək və əməliyyat təhlükəsizliyini gücləndirməklə yanaşı, gələcək metro genişlənməsinə şərait yaratmaqdır.
Layihə Dərnəgül və Xocəsən deposunun tikintisi və avadanlıqla təchizatını, bundan əlavə, Yaşıl xətt üzrə 10 mövcud stansiyada təhlükəsizlik, ekoloji və sosial göstəricilərin yaxşılaşdırılması nəzərdə tutur.
AIIB vurğulayıb ki, depoların yaradılması Bakı metrosunun inkişafı üçün əsas infrastruktur bazasıdır və bu, xüsusilə “May 28” stansiyasında Qırmızı və Yaşıl xətlərin ayrılması üçün kritik imkan yaradacaq.
Qeyd edək ki, layihə üzrə borcalan qismində Azərbaycan Maliyyə Nazirliyi çıxış edir, icraçı qurum isə “Bakı Metropoliteni” QSC-dir.





