
Beynəlxalq sığorta və risklərin idarə edilməsi şirkəti Allianz Trade Yaxın Şərqdə artan gərginlik və Hörmüz boğazında gəmiçilik fəaliyyətinin pozulması fonunda Azərbaycanın ölkə reytinqini yüksəldib.
Şirkətin qiymətləndirməsinə əsasən, Azərbaycanın reytinqi C1 səviyyəsindən B1 səviyyəsinə qaldırılıb. Analitiklər bildirirlər ki, mövcud geosiyasi şərait ödəniş qabiliyyəti risklərinin yenidən qiymətləndirilməsinə səbəb olub və ümumilikdə reytinqləri aşağı salınan ölkələrin sayı artırılıb.
Qeyd olunur ki, bir sıra ölkələr üzrə proqnozlar pisləşdirilib. Belə ki, Küveyt, Qətər, Serbiya, Böyük Britaniya və BƏƏ üzrə risk qiymətləndirmələri aşağı salınıb. Eyni zamanda yalnız üç ölkənin – Azərbaycan, Kosta-Rika və Qazaxıstanın reytinqi yüksəldilib.
Mütəxəssislər izah edirlər ki, reytinq şkalasında A ən yüksək etibarlılığı, B orta səviyyəni, C isə yüksək risk kateqoriyasını ifadə edir. Reytinqlərin aşağı salınması əsasən xammal qiymətlərinin artımı, təchizat zəncirində fasilələr və bəzi ölkələrdə daxili fiskal problemlərlə bağlıdır.
Hesabatda vurğulanır ki, “üçqat kəsir” (enerji, cari hesab və büdcə kəsiri) ilə üzləşən ölkələr daha çox risk altındadır. Bu kateqoriyaya Ukrayna, İordaniya, Pakistan, Keniya və Efiopiya kimi ölkələr daxildir. Daha sonra isə Qana, Misir, Şri-Lanka, Türkiyə və Mərakeş qeyd olunur.
“Asiya regionunda isə İndoneziya, Tailand, Filippin və Tayvan diqqət mərkəzindədir. Üçüncü dərəcəli təsirlər artıq hiss olunur – qızıl-valyuta ehtiyatlarının artım tempi zəifləyib, xarici maliyyələşmə şərtləri sərtləşib və borc xərcləri yüksəlməyə başlayıb”, – deyə hesabatda bildirilir.
Analitiklərin fikrincə, Azərbaycan və Qazaxıstan karbohidrogenlərə sabit tələbdən və geosiyasi mövqelərinin yaxşılaşmasından faydalanır. Bundan əlavə, regionda normallaşma prosesləri nəticəsində Azərbaycanda siyasi risklərin də azaldığı qeyd olunur.




