
Hazırda Azərbaycan banklarının iqtisadiyyata yönəldilə biləcək təxminən 20 milyard manat sərbəst, risklə ölçülmüş aktivləri mövcuddur.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş “İslam Maliyyəsi üzrə 20-ci IsDB Qlobal Forumu”nda bildirib.
Onun sözlərinə görə, AMB iqtisadi sabitliyin təmin edilməsində mühüm rol oynayır və maliyyə sisteminə etimadın gücləndirilməsi iqtisadi inkişafa verilən əsas töhfələrdən biridir.
Ş.Mahmudzadə qeyd edib ki, hazırda ölkədə maliyyə resurslarının üç əsas mənbəyi – fiskal resurslar, yerli özəl sektorun vəsaitləri və beynəlxalq maliyyə resursları mövcuddur. Maliyyə sisteminin dayanıqlılığına inamın artması özəl sektor vəsaitlərinin iqtisadiyyata daha fəal yönəlməsinə şərait yaradır.
AMB rəsmisinin sözlərinə görə, bank sektorunda problemli kreditlərin payı 3 %-dən aşağıdır, likvidlik göstəricisi normativ tələbləri iki dəfədən çox üstələyir, kapital adekvatlığı isə təxminən 18 % təşkil edir. Bu göstəricilər maliyyə sektorunun iqtisadiyyatın maliyyələşdirilməsi üçün kifayət qədər dayanıqlı olduğunu göstərir.
O bildirib ki, son üç ildə kreditlərin artım tempi iqtisadi artımı üstələyib və bu, maliyyə sektorunun inkişaf prosesini dəstəkləməyə hazır olduğunu nümayiş etdirir.
Ş.Mahmudzadə həmçinin vurğulayıb ki, Azərbaycanda inflyasiya hədəf diapazonunda saxlanılır. Son üç ildə inflyasiya 4 % ətrafında olub və proqnozlara görə, növbəti iki ildə də bu səviyyədə qalacaq. Bu isə ölkəyə xarici kapitalın cəlb olunması üçün əlverişli şərait yaradır.
AMB baş direktoru qeyd edib ki, son illərdə bank, kapital və sığorta bazarlarında genişmiqyaslı islahatlar həyata keçirilib. Tənzimləmə çərçivəsi beynəlxalq standartlara uyğunlaşdırılıb, kapital bazarlarının inkişafı üçün yeni qanunvericilik təşəbbüsləri hazırlanıb və sığorta sektorunda mühüm yeniliklər reallaşdırılıb.
Onun sözlərinə görə, aparılan islahatların nəticəsi olaraq son üç ildə depozit bazarının həcmi iki dəfədən çox artıb, Azərbaycanda ilk IPO həyata keçirilib, ilk üzən faizli istiqrazlar buraxılıb və maliyyə sektorunun beynəlxalq reytinqləri yüksəlib.
Ş.Mahmudzadə əlavə edib ki, islahatlar mərhələli şəkildə həyata keçirilir, pilot mexanizmlər və tənzimləyici “sandbox” yanaşmaları tətbiq olunur. Məqsəd bazar iştirakçılarının dəyişikliklərə uyğunlaşmasını təmin etməklə dayanıqlı nəticələr əldə etməkdir.
Mənbə: “Report




