
Azərbaycanda kiberdələduzluqla mübarizəni gücləndirmək məqsədilə şübhəli telefon nömrələrinin daha operativ bloklanmasını təmin edəcək yeni mexanizmlər üzərində iş aparılır.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentinin direktoru Elnur Eyvazlı Bakıda keçirilən “Süni İntellekt Əsrində Maliyyə Kibertəhlükəsizliyinin Gələcəyi” adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, vətəndaşlar tez-tez özlərini bank əməkdaşı kimi təqdim edən şəxslərin zəngləri ilə üzləşirlər. Dələduzlar kart məlumatlarını əldə etməyə çalışaraq vəsaitlərin təhlükədə olduğunu iddia edirlər.
E.Eyvazlı qeyd edib ki, FinCERT və anti-fraud komandalarının əsas vəzifələrindən biri maliyyə sektorunda koordinasiyanı təmin etməkdir. Bu məqsədlə şübhəli əməliyyatlar əsasında formalaşdırılan “blacklist” və “graylist” siyahılarından istifadə olunur.
“Məqsəd vəsaitlərin ölkədən çıxarılmasının qarşısını almaq və şübhəli fəaliyyətlərin mənbəyini müəyyən etməkdir. Zənglər IP nömrələri, qısa nömrələr, mobil telefonlar və ya müxtəlif mesajlaşma platformaları vasitəsilə həyata keçirilə bilər”, – deyə o bildirib.
AMB rəsmisinin sözlərinə görə, qurumun səlahiyyətləri maliyyə sektoru ilə məhdudlaşsa da, problemlərin operativ həlli üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də Elektron Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq mexanizmləri yaradılıb.
“Gələcəkdə GSM operatorları ilə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Şübhəli nömrələr barədə məlumat təqdim edildikdə onların operativ bloklanması və ya məhdudlaşdırılması mümkün olarsa, hüquq-mühafizə orqanları ilə daha effektiv fəaliyyət göstərmək mümkün olacaq”, – deyə E.Eyvazlı vurğulayıb.
O əlavə edib ki, süni intellekt texnologiyaları da anti-fraud sistemlərinin inkişafında mühüm rol oynayır. Əvvəllər riskli əməliyyatlar əsasən əvvəlcədən müəyyən edilmiş qaydalar əsasında aşkarlanırdısa, indi daha inkişaf etmiş analitik alətlər və süni intellekt həlləri vasitəsilə anomaliyaların müəyyən edilməsi imkanları genişlənir.
AMB rəsmisinin sözlərinə görə, əsas məqsəd davamlı və effektiv təhlükəsizlik proseslərinin qurulması, maliyyə itkilərinin qarşısının alınması və oxşar insidentlərin təkrarlanma riskinin minimuma endirilməsidir.




