
Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə uçot faiz dərəcəsi ilə bağlı növbəti qərarını verəcək.
Bildirilib ki, qərarla bağlı mayın 6-da Mərkəzi Bankda mətbuat konfransı keçiriləcək.
Xatırladaq ki, AMB ilin əvvəlində uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 6,5 %-ə endirib. Eyni zamanda, faiz dəhlizinin aşağı həddi 5,5 %, yuxarı həddi isə 7,5 % səviyyəsində müəyyən edilib. Lakin aprelin 2-də qəbul olunan son qərarda bu göstəricilər dəyişdirilməyərək sabit saxlanılıb.
Qurum qeyd edib ki, faiz dəhlizi ilə bağlı qərarlar qəbul edilərkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2 %) ilə uyğunluğu, regionda artan geosiyasi gərginliklərdən irəli gələn risklər, qlobal və daxili maliyyə bazarlarındakı vəziyyət, daxili makroiqtisadi meyillər, həmçinin pul siyasəti qərarlarının real sektora ötürülmə xüsusiyyətləri əsas götürülür.
AMB vurğulayıb ki, növbəti qərar proqnoz və faktiki inflyasiyanın dinamikası, eləcə də yenilənmiş makroiqtisadi təhlillərin nəticələri əsasında veriləcək.




