
Koreya Bankının birinci müavini Ryu San De bildirib ki, qurumun may ayının sonunda keçiriləcək növbəti iclasında pul siyasəti ilə bağlı daha sərt və qətiyyətli ritorika müşahidə oluna bilər.
“Report”un Reuters agentliyinə istinadən verdiyi məlumata görə, o, bu açıqlamanı Asiya İnkişaf Bankının illik toplantısı çərçivəsində Səmərqənddə keçirilən mətbuat konfransında səsləndirib.
Onun sözlərinə görə, mövcud iqtisadi şərait faiz dərəcələrinin artırılmasını nəzərdən keçirmək üçün uyğun mərhələyə çatıb. Ryu San De qeyd edib ki, hökumətin istehlak qiymətlərini sabit saxlamaq üçün həyata keçirdiyi tədbirlərə baxmayaraq, ölkədə inflyasiya təzyiqləri yüksək olaraq qalır.
Eyni zamanda, o, Cənubi Koreya iqtisadiyyatının bu il təxminən 2 % artım göstərə biləcəyini proqnozlaşdırıb. Bildirilib ki, yarımkeçirici məhsullarına olan güclü xarici tələbat iqtisadi artımın əsas hərəkətverici qüvvəsi olaraq qalmaqdadır.




