4 mart 2022-ci il tarixində Azərbaycanda səfərdə olan Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməlinin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Qonaqları salamlayan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ölkəmizlə Tacikistan arasında davam edən səmərəli əməkdaşlıqdan bəhs edib. Digər əməkdaşlıq sahələri ilə yanaşı dövlət xidmətlərinin göstərilməsi, elektron hökumət, sosial innovasiyalar sahəsində də uğurlu əməkdaşlığın həyata keçirilə biləcəyi qeyd edilib.
Təqdimat zamanı qonaqlara Dövlət Agentliyinin fəaliyyət istiqamətləri barədə geniş məlumat verilib və “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi qeyd edilib.
Rüstəm Emoməli dövlət xidmətlərinin göstərilməsi və elektron hökumət sahəsində Dövlət Agentliyi tərəfindən əldə edilmiş nailiyyətləri və həyata keçirilən layihələri yüksək qiymətləndirib və “ASAN xidmət” təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
Bu çərçivədə Dövlət Agentliyi ilə Tacikistan Respublikasının “Ağıllı Şəhər” dövlət müəssisəsi arasında davam edən uğurlu əməkdaşlığın əhəmiyyətinə toxunulub.
Müvafiq istiqamətlər üzrə Dövlət Agentliyi ilə Tacikistanın aidiyyatı qurumları arasında əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəlinib.