
Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artıb.
Bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı “2026-cı ilin yanvar-may ayları üzrə ölkənin sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri” hesabatında bildirilib.
Məlumata görə, hesabat dövründə Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 51,784 milyard manat təşkil edib. Bu müddətdə neft-qaz sektorunda əlavə dəyər 1 faiz azalaraq 16,125 milyard manata düşüb, qeyri-neft-qaz sektorunda isə 0,4 faiz artaraq 35,658 milyard manata çatıb.
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda inflyasiyanın növbəti illərdə tədricən azalacağını proqnozlaşdırır. Fondun hesablamalarına əsasən, istehlak qiymətləri indeksinin 2026-cı ildə 6 faizə yüksələcəyi, 2027-ci ildə isə 4,2 faizə enəcəyi gözlənilir. 2028-2031-ci illərdə isə inflyasiyanın illik 4 faiz səviyyəsində sabitləşəcəyi proqnozlaşdırılır.
Müqayisə üçün qeyd edək ki, Azərbaycanda inflyasiya 2023-cü ildə 2,1 faiz, 2024-cü ildə 4,9 faiz, 2025-ci ildə isə 5,2 faiz təşkil edib.
Eyni zamanda, Niderlandın ING Group bank qrupunun may ayında açıqladığı proqnozlara görə, Azərbaycanda inflyasiya 2026-cı ildə 5,4 faiz, 2027-ci ildə isə 5,2 faiz olacaq.
Analitiklərin qiymətləndirməsinə əsasən, inflyasiya 2026-cı ilin birinci rübündə 5,7 faiz, ikinci rübündə 5,5 faiz, üçüncü və dördüncü rüblərində isə 5,2 faiz səviyyəsində formalaşacaq. 2027-ci ildə isə inflyasiyanın birinci rübdə 5 faiz, ikinci və üçüncü rüblərdə 5,3 faiz, dördüncü rübdə isə 5,4 faiz olacağı gözlənilir.
Qeyd edək ki, ING Group-un əvvəlki proqnozlarında Azərbaycanda inflyasiyanın 2026-cı ildə 5,2 faiz, 2027-ci ildə isə 5,1 faiz olacağı bildirilirdi. Beləliklə, yeni qiymətləndirmədə inflyasiya gözləntiləri müvafiq olaraq 0,2 və 0,1 faiz bəndi artırılıb.




