
Azərbaycanda kraudfandinq sahəsinin inkişafı üçün vergi güzəştləri və digər stimullaşdırıcı mexanizmlərin tətbiqi vacibdir.
BBN.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Arpadarai parlamentin plenar iclasında çıxışı zamanı bildirib.
Deputat qeyd edib ki, ölkədə startapların, innovativ layihələrin və yeni biznes təşəbbüslərinin maliyyələşdirilməsi üçün alternativ maliyyə mənbələrinə ciddi ehtiyac var və bu baxımdan “Kraudfandinq haqqında” qanunun qəbulu mühüm əhəmiyyət daşıyır.
Nigar Arpadarai vurğulayıb ki, qanun layihəsində əsasən borc əsaslı və səhm əsaslı kraudfandinq formaları nəzərdə tutulur. Halbuki, beynəlxalq təcrübədə qrant əsaslı və qarışıq maliyyələşdirmə modelləri də geniş tətbiq edilir.
Deputatın sözlərinə görə, qanunda nəzərdə tutulmayan digər kraudfandinq formalarının hüquqi statusunun necə olacağı aydın deyil və bu məsələyə hüquqi çərçivədə aydınlıq gətirilməlidir. O hesab edir ki, qanunun daha çevik hazırlanması bu sahənin inkişafına əlavə imkanlar yaradacaq.
N. Arpadarai platformadan kənar maliyyələşdirmə təşəbbüslərinin də tənzimlənməsi məsələsinə diqqət çəkib. O bildirib ki, məsələn, hər hansı layihənin sosial şəbəkələr və ya mesajlaşma tətbiqləri vasitəsilə maliyyələşdirilməsi hallarında bu fəaliyyətin qanunvericilik baxımından necə qiymətləndiriləcəyi ilə bağlı suallar açıq qalır.
Deputat əlavə edib ki, həm səhm əsaslı, həm də borc əsaslı kraudfandinq alətləri artıq mövcud qanunvericiliklə tənzimlənir. Bu səbəbdən investorlar və sahibkarlar üçün kraudfandinq platformalarının nə üçün daha cəlbedici seçim olacağı sualı yaranır.
Onun fikrincə, bu istiqamətdə əsas təşviq mexanizmlərindən biri vergi güzəştlərinin tətbiqidir.
“Adətən kraudfandinqin geniş yayıldığı ölkələrin təcrübəsinə baxdıqda görürük ki, əsas stimullaşdırıcı vasitələrdən biri məhz vergi güzəştləridir. Əgər belə mexanizmlər nəzərdə tutulmasa, platformalar bazar iştirakçıları üçün kifayət qədər cəlbedici olmaya bilər”, – deyə deputat bildirib.




