
Bu ilin yanvar–avqust aylarında “Bakı Fond Birjası” QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 43 milyard 617,519 milyon manat təşkil edib.
BFB-dən verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 47,5 % çoxdur. Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2 dəfə artaraq 19 829-a çatıb.
Hesabat dövründə birjanın dövriyyəsinin 76,5 %-i, yəni 33 milyard 357,983 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 42,5 % artım deməkdir.
Dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 1,9 % azalaraq 4 milyard 710,456 milyon manat, korporativ qiymətli kağızlar üzrə əqdlərin dəyəri isə 13,5 % artaraq 1 milyard 549,08 milyon manat təşkil edib.




