Çin “üzən” neft anbarlarını bu ay istifadəyə verəcək

Çin mərkəzli “Haiyan Submarinenergy” gəmiqayırma şirkəti üzən neft anbarlarının (CFSU)  təsis edilməsini may ayı ərzində yekunlaşdıracağını açıqlayıb. Şirkət açıqlamasında, anbarların istehsalında istifadə edilən kompozit materialın adi poladdan 25 dəfə daha möhkəm olduğunu vurğulayıb.

Koronavirus pandemiyası səbəbindən xam neftə tələbin azalması və bunun nəticəsində neft anbarlarının sürətlə dolması şirkəti istehsal prosesini sürətləndirməyə sövq edib. CFSU anbarlarının xam neft tutumu 35 min barel (5 min ton) civarındadır. Müqavilə əsasında 5 illik müddətə kirayəyə verilməsi planlaşdırılan bu anbarların ümumi istifadə və yararlılıq müddəti 50 il ətrafında qərarlaşıb.

Həmçinin, “Submarinenergy” yerüstü anbarlardan fərqli olaraq, üzən anbarların xüsusi texnologiyalar vasitəsilə istehsalının 3 il yox, bir neçə həftə vaxt aldığını bildirib. Gələcəkdə, anbarların tutumunun 40 min tona (293 min barel) qədər artırılacağı qeyd edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır