
Çində süni intellekt istifadəçilərinin sayı iki dəfədən çox yüksəlib.
BBN.az xəbər verir ki, Çin İnternet Şəbəkə Məlumat Mərkəzinin (CNNIC) son hesabatına əsasən, ölkədə istehsal yönümlü süni intellekt texnologiyalarından istifadə edənlərin sayı sürətlə artıb.
Məlumata görə, 2024-cü ilin dekabrında 249 milyon olan istifadəçi sayı 2025-ci ilin iyununa qədər 515 milyona çatıb. Beləliklə, cəmi altı ay ərzində 266 milyon yeni istifadəçi süni intellekt tətbiqlərindən faydalanmağa başlayıb. Bu göstərici illik müqayisədə iki dəfədən çox artım deməkdir.
CNNIC artımın əsas səbəbləri arasında süni intellekt sistemlərinin məntiqi nəticə çıxarma bacarıqlarının təkmilləşdirilməsi, həmçinin bu texnologiyaların fərqli praktiki sahələrə inteqrasiyasını göstərir.
Bundan əlavə, süni intellekt modellərinin hazırlanma xərclərinin azalması və şirkətlərin az hesablama gücü və məlumat həcmi tələb edən yüngül modellərə üstünlük verməsi də bu inkişafı dəstəkləyib. Nəticədə, istifadəçi ilə qarşılıqlı əlaqəni artıran daha əlçatan məhsullar bazara çıxarılıb.







