
ABŞ-ın tarif və texnologiya məhdudiyyətlərinə cavab olaraq Çin hökuməti qlobal təchizat zəncirində strateji əhəmiyyət daşıyan nadir torpaq elementlərinin ixracına yeni məhdudiyyətlər tətbiq edib.
BBN.az xəbər verir ki, Çin Ticarət Nazirliyinin açıqlamasına əsasən, bu məhdudiyyətlər nadir torpaq elementlərinin çıxarılması, əridilməsi, ayrılması, maqnit materiallarının istehsalı, həmçinin həmin elementlərin ikinci dərəcəli ehtiyat kimi istifadəsi və təkrar emalı texnologiyalarını əhatə edir.
Bəyanata görə, nadir torpaq elementlərinin emalı müəssisələrində montaj xətlərinin qurulması, avadanlıqların təmiri, nasazlıqların aradan qaldırılması, texniki xidmət və modernləşdirmə prosesləri ilə bağlı texnologiyaların ötürülməsi də yeni nəzarət çərçivəsinə daxil edilib.
Bundan başqa, Çində istehsal olunan nadir torpaq elementlərini ixrac edən xarici şirkətlər artıq ikili – həm mülki, həm də hərbi təyinatlı məhsulların ixracı üçün Çin Ticarət Nazirliyindən xüsusi lisenziya almaq məcburiyyətində qalacaqlar.
Nazirlik qeyd edib ki, sözügedən məhdudiyyətlər elan edildiyi tarixdən etibarən qüvvəyə minib.







