
Dünya Bankı “Əmtəə bazarlarına baxış” adlı hesabatının oktyabr buraxılışını açıqlayıb. Sənəddə qeyd olunur ki, 2026-cı ildə əmtəə qiymətləri son altı ilin ən aşağı səviyyəsinə düşəcək və bu, ardıcıl dördüncü eniş ili olacaq.
BBN.az xəbər verir ki, qurumun qiymətləndirməsinə əsasən, zəif qlobal iqtisadi artım, artmaqda olan neft təklifi və siyasi qeyri-müəyyənliklər səbəbindən əmtəə bazarlarında bu il və gələn il ərzində orta hesabla 7 faiz azalma gözlənilir.
Hesabatda vurğulanır ki, enerji daşıyıcılarının ucuzlaşması dünya üzrə inflyasiya təzyiqlərini azaltdığı halda, düyü və buğda qiymətlərindəki azalma bir çox inkişaf etməkdə olan ölkələrdə ərzaq qiymətlərini nisbətən sabitləşdirib. Buna baxmayaraq, qiymətlər hələ də pandemiyadan əvvəlki səviyyədən xeyli yuxarı qalır — 2025-ci ildə 23%, 2026-cı ildə isə 14% fərqlə.
Neft bazarında eniş gözləntisi
Dünya Bankının məlumatına görə, qlobal neft təklifi bu il əhəmiyyətli dərəcədə artıb və gələn il 2020-ci illə müqayisədə 65% daha yüksək olacağı proqnozlaşdırılır.
Məlumatda bildirilir ki, elektrikli və hibrid nəqliyyat vasitələrinin yayılması, həmçinin Çində neft tələbinin zəifləməsi nəticəsində dünya üzrə neftə olan tələbatın artım tempi yavaşıyıb.
Bunun nəticəsində, “Brent” markalı neftin qiymətinin 2025-ci ildə orta hesabla 68 dollar, 2026-cı ildə isə 60 dollar olacağı gözlənilir. Bu göstərici son beş ilin ən aşağı səviyyəsi kimi qiymətləndirilir.
Ümumilikdə, enerji qiymətlərinin 2025-ci ildə 12%, 2026-cı ildə isə 10% azalacağı proqnozlaşdırılır.







