
Azərbaycanda İslam maliyyəsinin tətbiqi baxımından ən perspektivli istiqamətlərdən biri kiçik və orta biznesin maliyyələşdirilməsi hesab olunur.
BBN.az xəbər verir ki, bunu İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakishiyev AZƏRTAC-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, qlobal təcrübə göstərir ki, lizinq (icarə) bazarı İslam maliyyəsinin ən geniş tətbiq olunduğu sahələrdən biridir. Eyni zamanda, ticarət sektoru da bu modelin uğurla istifadə edildiyi əsas istiqamətlər sırasında yer alır.
R.Atakişiyev qeyd edib ki, ilin sonunadək İslam bankçılığı ilə bağlı bir sıra qanunvericilik islahatlarının qəbul ediləcəyi gözlənilir. Onun fikrincə, bu dəyişikliklər nəticəsində Azərbaycanda İslam bankçılığına aid səkkizə qədər yeni maliyyə məhsulunun tətbiqinə başlanıla bilər.
Ekspert bildirib ki, gözlənilən yeniliklər İslam maliyyəsinin tətbiq imkanlarını daha da genişləndirəcək. Bu çərçivədə ipoteka maliyyələşdirilməsi və kənd təsərrüfatı kimi sahələrin də İslam maliyyə alətlərinin əhatə dairəsinə daxil edilməsi mümkün olacaq.
Onun sözlərinə görə, qanunvericilik bazasının təkmilləşdirilməsi İslam maliyyəsinin inkişafına, maliyyə xidmətlərinin şaxələndirilməsinə və alternativ maliyyələşmə mənbələrinin genişlənməsinə əlavə təkan verə bilər.




