
“Azərenerji” ASC “Babək” yarımstansiyasının yenidən qurulması üzrə elan etdiyi tenderin qalibini müəyyənləşdirib.
Tenderin qalibi “Electro Industries” QSC olub. Layihənin dəyəri 24,1 milyon manat təşkil edir. Şirkət 154/110/10 kV-luq yarımstansiyanın yenidən qurulmasını həyata keçirəcək.
Məlumata görə, “Electro Industries” QSC 2023-cü ildə 108,3 milyon manat gəlir əldə edib ki, bu da 2022-ci illə müqayisədə 24 % azdır. Bununla belə, şirkətin xalis mənfəəti 6 % artaraq 31,8 milyon manata yüksəlib. Şirkət əsas gəlirini energetika obyektlərinin, avadanlıqların və qurğuların quraşdırılması, saxlanılması və təmirindən əldə edir.
“Electro Industries” QSC-nin 100 %-lik nizamnamə kapitalı Ziyad Əliyev Taqif oğluna məxsusdur. O, 2023-cü ildə şirkətdən 30,4 milyon manat dividend əldə edib.




