
Azərbaycanın Baş naziri Əli Əsədov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin mərkəzi bankları Şurasının iclasının iştirakçıları ilə görüşüb.
Nazirlər Kabinetindən verilən məlumata görə, görüş zamanı Şuranın iclasının əhəmiyyəti vurğulanıb və tədbirin TDT-yə üzv ölkələrin maliyyə sektorları arasında əməkdaşlığın daha da gücləndirilməsinə, həmçinin bu prosesdə mərkəzi bankların rolunun artırılmasına töhfə verəcəyinə əminlik ifadə olunub.
Tərəflər TDT-yə üzv dövlətlər arasında qarşılıqlı etimada və ortaq maraqlara əsaslanan əməkdaşlığın müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyini qeyd ediblər.
Görüşdə bildirilib ki, Azərbaycanın TDT-yə sədrliyi çərçivəsində bu il iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat, enerji, maliyyə və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilir.
Baş nazir ölkədə maliyyə-bank sektorunun modernləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar, maliyyə xidmətlərinin keyfiyyətinin artırılması, şəffaflığın gücləndirilməsi və bank sisteminin dayanıqlığının təmin olunması sahəsində əldə edilən nəticələr barədə məlumat verib.
Görüş zamanı TDT çərçivəsində maliyyə-bank sahəsində əməkdaşlığın inkişaf perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb.




