

ABŞ Mərkəzi Bankı (FED) gözlənildiyi kimi siyasət faizini sabit saxlayıb. Federal fond dərəcəsi üçün hədəf aralığı 4,25-4,50 faiz səviyyəsində qorunub.
BBN.az bu barədə FED-in yaydığı açıqlamaya istinadən xəbər verir.
Bildirilib ki, faiz dərəcəsinin sabit saxlanılması qərarı Federal Açıq Bazar Komitəsi (FOMC) üzvlərinin yekdil razılığı ilə qəbul olunub.
FED-in bəyanatında qeyd olunur ki, Bankın uzunmüddətli məqsədləri maksimum məşğulluq və 2 faizlik inflyasiya səviyyəsinin əldə edilməsidir. Həmçinin vurğulanıb ki, iqtisadi görünüşdəki qeyri-müəyyənlik əvvəlki dövrlərlə müqayisədə azalsa da, hələ də yüksək olaraq qalır.
Xatırladaq ki, FED inflyasiyada əldə edilən irəliləyişlər fonunda ötən ilin sentyabrında son dörd ildə ilk dəfə faiz endirimlərinə başlayıb. Həmin ay siyasət faizi 50 baza bəndi azaldılıb. Ardınca noyabr və dekabr aylarında FED faiz dərəcəsini daha 25 baza bəndi endirib. Lakin cari ilin yanvarında faiz endirimlərinə fasilə verilib və mart və may aylarında da faizlərdə dəyişiklik edilməyib.
Qeyd edək ki, ABŞ-da inflyasiya 2022-ci ilin iyununda 9 faizə çataraq son onilliklərin ən yüksək səviyyəsinə yüksəlmişdi. Lakin son göstəricilərə əsasən, inflyasiya may ayında illik 2,4 faiz səviyyəsində qeydə alınıb.
İki gün davam edən FOMC iclasının ardından yayılan bəyanatda FED son statistik göstəricilərin ABŞ iqtisadiyyatında güclü genişlənmə tendensiyasının davam etdiyini göstərdiyini bildirib. Eyni zamanda, işsizlik səviyyəsinin aşağı olduğu və əmək bazarının güclü qaldığı qeyd olunaraq, inflyasiyanın hələ də nisbətən yüksək olduğu vurğulanıb.