Home » Fitch Solutions: 2025–2034-cü illərdə Azərbaycan iqtisadiyyatı orta hesabla 2,7% artacaq

Fitch Solutions: 2025–2034-cü illərdə Azərbaycan iqtisadiyyatı orta hesabla 2,7% artacaq

by Zeyneb
0 comments 1 views 1 minutes read

2025–2034-cü illər üzrə Azərbaycan iqtisadiyyatının orta illik artım tempi 2,7% təşkil edəcək.

Bu barədə “Fitch Group”a daxil olan Fitch Solutions şirkətinin açıqladığı proqnozda bildirilib.

Hesabatda qeyd olunur ki, qarşıdakı on ildə Azərbaycanın iqtisadi artım trayektoriyası əvvəlki dövrlərlə müqayisədə daha sabit olacaq. Qiymətləndirməyə əsasən, 2025–2034-cü illərdə orta illik artım 2,7% səviyyəsində proqnozlaşdırılır. Bu göstərici 2014–2024-cü illərdə qeydə alınmış 1,5%-lik orta artım tempindən xeyli yüksəkdir.

Fitch Solutions-in fikrincə, Azərbaycanın geniş enerji ehtiyatları, xüsusilə təbii qaz, yaxın on ildə də iqtisadi artımın əsas hərəkətverici qüvvəsi olaraq qalacaq. Hesabatda Avropa bazarında Azərbaycanın enerji resurslarına tələbin artacağı vurğulanır. Bildirilir ki, 2005-ci ildən etibarən neft gəlirləri ÜDM-in təxminən 30%-ni, son illərdə isə dövlət gəlirlərinin 75%-dən çoxunu formalaşdırıb. Neft hasilatında mümkün azalma risklərinə baxmayaraq, neft qiymətlərinin sabit qalacağı gözləntiləri fonunda neft sektorunun ÜDM-də payının orta müddətli dövrdə yüksək səviyyədə qalacağı proqnozlaşdırılır.

Proqnoza əsasən, adambaşına düşən ÜDM 2023-cü ildəki 8 558 ABŞ dollarından 2034-cü ildə 17 282 ABŞ dollarına yüksələcək. Fitch Solutions valyuta sabitliyini nəzərə alaraq bu göstərici üzrə yuxarı yönlü risklərin mövcud olduğunu bildirir. Analitiklərin qənaətincə, nominal gəlirlərin və istehlakın artması iqtisadiyyatın neft-qaz sektorundan kənar sahələr üzrə şaxələndirilməsinə müəyyən töhfə verə bilər.

Hesabatda eyni zamanda vurğulanır ki, enerji sektorundan həddindən artıq asılılıq uzunmüddətli perspektivdə “Holland sindromu” risklərini artırır. Bu səbəbdən hökumətin iqtisadi şaxələndirməni sürətləndirmək məqsədilə bir sıra tədbirlər planlaşdırdığı qeyd olunur. Sözügedən tədbirlər sırasında qeyri-neft vergi siyasətinin yenidən nəzərdən keçirilməsi, vahid vergi sisteminin tətbiqi və orta ölçülü şirkətlərin inkişafını stimullaşdırmaq üçün ƏDV dərəcələrinin azaldılması yer alır.

Bununla yanaşı, enerji və nəqliyyat sahələrində infrastrukturun təkmilləşdirilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinin rəqabətqabiliyyətli qeyri-enerji sektorunun formalaşmasına və ümumi iqtisadi artımın dəstəklənməsinə müsbət təsir göstərəcəyi bildirilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.