Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında Fərmanının icrası məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi iləRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC arasında sıx əməkdaşlıq aparılıb. Belə ki, “Hökumət buludu”na Keçid Planına əsasən Agentliyin informasiya sistemlərinin “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzinə tam miqrasiyası üzrə işlər yekunlaşıb.
Agentliyin informasiya sistemlərinin mərhələli şəkildə “Hökumət buludu”na (G-cloud) miqrasiyası təmin edilib və bəzi hallarda yeni informasiya sistemlərinin infrastrukturu birbaşa olaraq “Hökumət buludu”nda yaradılıb.
Agentlik İaaS (İnfrastructure-as-a-Service) bulud infrastrukturunu və məlumatların təhlükəsiz saxlanılması məqsədilə Rezervlənmə (BaaS-Backup-as-a-Service) xidmətini əldə edib. Həmçinin Agentlik elektron xidmətlərin göstərilməsinə tələb olunan dövlət xərclərinin optimallaşdırılması, informasiya sistemlərinin fəaliyyətinin keyfiyyətli, dayanıqlı və təhlükəsiz infrastrukturda təşkil edilməsi, operativ koordinasiya ilə yüksək keyfiyyətli servis təminatının və 24/7 monitorinqinin həyata keçirilməsi kimi əlavə xidmətlərdən yararlanmaqdadır.
Eyni zamanda, Agentlik qurum üçün ayrılmış informasiya texnologiyaları resurslarını “Özünüidarəetmə platforması” vasitəsilə tənzimləmək imkanına malikdir.
Qeyd edək ki, hazırda Agentlik və “AzInTelecom” MMC bulud xidmətlərindən istifadənin genişləndirilməsi məqsədilə müzakirələri davam etdirir.