
Beynəlxalq Valyuta Fondunun (IMF) rəhbəri Kristalina Georgieva qlobal iqtisadiyyatın “aşırı dərəcədə qeyri-taraz” vəziyyətdə olduğunu bildirib və ölkələri ticarəti iqtisadi artımın əsas hərəkətverici qüvvəsi kimi qorumağa çağırıb.
BBN.az xəbər verir ki, IMF-Dünya Bankı İllik Toplantıları çərçivəsində keçirilən mətbuat konfransında çıxış edən Georgieva, son altı ayda qlobal iqtisadiyyatın “qorxulandan daha yaxşı, lakin lazım olduğundan daha zəif” performans göstərdiyini deyib. Onun sözlərinə görə, qlobal iqtisadi artım 2024-cü ildə 3,3%-dən 2025-də 3,2%-ə, 2026-da isə 3,1%-ə enəcək.
Georgieva həmçinin ictimai borcların rekord səviyyələrə yaxınlaşdığını, qeyri-müəyyənliyin isə artmağa davam etdiyini vurğulayıb. O, Çin kimi ticarət profisiti yüksək olan ölkələri daxili tələbi artırmağa, ABŞ kimi böyük kəsir verən ölkələri isə büdcə kəsirini azaltmağa və özəl yığımları stimullaşdırmağa çağırıb.
IMF rəhbəri əlavə edib ki, ticarət gərginliklərinin artması qlobal iqtisadiyyata mənfi təsir göstərə bilər və proteksionist siyasətlərin uzunmüddətli fayda gətirmədiyini qeyd edib.
Süni intellektlə bağlı sualı cavablandıran Georgieva bildirib ki, AI-ın iqtisadi artıma 0,1–0,8 faiz aralığında töhfə verməsi gözlənilir, lakin bu texnologiyanın bərabər paylanmaması ölkələr arasında fərqləri dərinləşdirə bilər.







