

Intel-in Ticarət və Satışdan məsul rəhbəri Christoph Schell iyunun 30-da vəzifəsindən ayrılacaq. Bu barədə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) edilən müraciətdə bildirilir.
BBN.az xəbər verir ki, Schell iki il Intel-də fəaliyyət göstərdikdən sonra yeni bir karyera fürsətini dəyərləndirmək üçün istefa verir. Onun yerinə müvəqqəti olaraq Greg Ernst təyin olunacaq.
Şirkət nümayəndəsi Christoph Schell-in Intel-dəki fəaliyyətindən məmnun olduqlarını və ona gələcək karyerasında uğurlar arzuladıqlarını bildirib.
2022-ci ilin fevralında Intel-ə qoşulan Schell, satış, marketinq və kommunikasiya qrupuna rəhbərlik edib və birbaşa CEO-ya tabe olub. O, daha əvvəl HP, Philips və Procter & Gamble kimi şirkətlərdə də rəhbər vəzifələrdə çalışıb.
Qeyd edək ki, bu dəyişiklik Intel-in yeni CEO-su Lip-Bu Tan rəhbərliyində həyata keçirdiyi genişmiqyaslı transformasiya fonunda baş verir.