
“TechSpot”un məlumatına görə, qlobal texnologiya nəhəngi “OpenAI” 2028-ci ilə qədər 100 milyard dollar gəlir əldə etməyi proqnozlaşdırır. Lakin şirkətin baş direktoru Sem Altman bildirib ki, mənfəət yalnız 2029-cu ildən etibarən gözlənilir.
“OpenAI” hər il “Oracle” xidmətlərinə 60 milyard dollar, məlumat mərkəzlərinin tikintisinə isə 18 milyard dollar xərcləməyi planlaşdırır. Daxili qiymətləndirmələrə görə, şirkətin zərərləri 2029-cu ilə qədər 44 milyard dollara çata bilər.
Əsas çətinlik monetizasiya ilə bağlıdır. Belə ki, hazırda “ChatGPT”nin 700 milyondan çox istifadəçisi olsa da, onların çox az hissəsi ödənişli versiyadan yararlanır. “Menlo Ventures”in araşdırmasına əsasən, istifadəçilərin cəmi 3%-i süni intellekt xidmətlərinə pul ödəyir. “McKinsey”nin məlumatına görə isə şirkətlərin 80%-i süni intellekt tətbiqindən mənfəət artımı qeydə almır.
Buna baxmayaraq, şirkət investorların dəstəyini qoruyub saxlayır. Son bir ildə 50 milyard dollardan çox sərmayə yatırılıb, tərəfdaşı “Microsoft” isə əlavə 19 milyard dollarlıq dəstək verərək əməkdaşlığı gücləndirib.




