
Nağdsız ödənişlərin aparılması məcburi olan fəaliyyət sahələrinin siyahısına kraudfandinq münasibətlərinin də əlavə edilməsi təklif olunur.
Bununla bağlı dəyişiklik Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “Nağdsız hesablaşmalar haqqında” Qanuna təklif edilən düzəlişdə əksini tapıb.
Təklif olunan dəyişiklik qəbul ediləcəyi təqdirdə, “Kraudfandinq haqqında” Qanunla müəyyən edilmiş ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.
Dəyişikliyin məqsədi maliyyə əməliyyatlarında şəffaflığın artırılması, vəsaitlərin hərəkətinə nəzarətin gücləndirilməsi və rəqəmsal ödənişlərin təşviq edilməsidir. Qanun layihəsi hazırda parlament komitələrində müzakirə mərhələsindədir.




