Mərkəzi Bankın Regional Mərkəzlərində maliyyə xidmətləri istehlakçılarının qəbulu təşkil edilmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən maliyyə xidmətləri istehlakçılarının qəbulunun daha da effektiv həyata keçirilməsi məqsədi ilə müvafiq tədbirlər görülməkdədir.

Qeyd olunan tədbirlərdən biri də bölgələrdə yaşayan və nəzarət subyektləri ilə narazılıqları yaranan istehlakçıların Mərkəzi Bankın Bakı şəhərində yerləşən inzibati binasına yaxınlaşmadan müraciət etmək, o cümlədən istehlakçı məmnuniyyətinin yüksəldilməsi məqsədi ilə istehlakçıların qəbulunun Mərkəzi Bankın Quba, Biləsuvar və Gəncə şəhərlərində yerləşən regional mərkəzlərində də həyata keçirilməsi imkanının yaradılmasıdır. İstehlakçılar aidiyyəti üzrə Mərkəzi Bankın Quba Regional Mərkəzi (Quba şəh., H.Əliyev pr. 219B), Biləsuvar Regional Mərkəzi (Biləsuvar şəh., H.Əliyev küç. 2B) və Gəncə Regional Mərkəzinə (Gəncə şəh., Nizami pr. 204) yaxınlaşmaqla müraciətlərini bildirə bilərlər.

Məlumat üçün bildirmək istərdik ki, Bakı şəhərində istehlakçıların qəbulu Mərkəzi Bankın Bakı şəh., Bülbül pr. 27 ünvanında yerləşən inzibati binasında həyata keçirilir. Bundan əlavə, vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə qəbul zamanı növbəliliyin avtomatlaşdırılması üçün Növbə İdarəetmə Sistemi yaradılmış və istehlakçıların istifadəsinə verilmişdir. Bununla yanaşı, növbənin Mərkəzi Bankın Bakı şəh., Bülbül pr. 27 ünvanında yerləşən inzibati binasına gəlmədən müvafiq internet səhifəsi (cbar.az) vasitəsilə onlayn şəkildə əldə edilməsi imkanı yaradılmışdır. Sözügedən xidmətdən yararlanmaq üçün istehlakçılar www.randevu.e-cbar.az səhifəsinə keçid edərək onlayn növbə əldə edə bilərlər.

Qəbulda iştirak edən istehlakçıların Mərkəzi Banka müraciət ünvanlaması üçün ərizə otağında ərizə formasının yerləşdirilməsi ilə yanaşı, onlara “QR-kod” vasitəsilə onlayn qaydada müraciət etmə imkanı yaradılmışdır. Qəbul otaqlarında qəbulda iştirak edən istehlakçıların mövcud sistem və qəbul prosesi barəsində təəssüratlarının öyrənilməsi, onların məmnuniyyət səviyyəsinin ölçülməsi, həmçinin icraçı və qəbulu həyata keçirən əməkdaşların vətəndaş qəbulu ilə bağlı fəaliyyətinin təhlili və dəyərləndirilməsi üçün onların skan edə biləcəyi “QR-kod” yerləşdirilmiş, həmçinin anket forması hazırlanmışdır.

Hər hansı sual yarandığı halda istehlakçılara Mərkəzi Bankın “966” nömrəli Qaynar xətti ilə əlaqə saxlamalarını tövsiyə edirik.

Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi Mərkəzi Bankın prioritet məsələlərindən biridir və yaxın gələcəkdə bu sahədə strateji tədbirlər həyata keçiriləcəkdədir. Mərkəzi Bankın istehlakçıların müdafiəsi çərçivəsinin ən yaxşı beynəlxalq təcrübələrə uyğun olaraq gücləndirilməsi məqsədi ilə həyata keçirəcəyi tədbirlər barədə ictimaiyyətə əlavə məlumatlar veriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır