
Geosiyasi gərginlik, təchizat zəncirlərindəki pozuntular və iqlim risklərinə baxmayaraq, Azərbaycanın xarici mövqeyi əlverişli olaraq qalır.
BBN.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Əliyar Məmmədyarov Dünya Bankının “Azərbaycan üzrə Ölkə İqtisadi İcmalı – Yaz 2026” hesabatının təqdimatı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan ilə World Bank arasında əməkdaşlıq son 30 ildə davamlı şəkildə inkişaf edib və hazırda tərəflər 2025–2029-cu illəri əhatə edən Ölkə Tərəfdaşlıq Çərçivəsini birgə həyata keçirirlər.
Ə.Məmmədyarov qeyd edib ki, 2026-cı ilin birinci rübündə cari əməliyyatlar balansının profisiti 1,7 milyard ABŞ dolları və ya ÜDM-in 9,5%-ni təşkil edib. İlin sonuna qədər isə bu göstəricinin ÜDM-in 5,5%-i səviyyəsində olacağı gözlənilir.
O vurğulayıb ki, Azərbaycanın strateji valyuta ehtiyatları ÜDM-in 85,5%-nə bərabərdir və bu ehtiyatlar xarici şoklara qarşı etibarlı maliyyə buferi rolunu oynayır.
AMB rəsmisi bildirib ki, may ayında illik inflyasiya 5,6% olub və bu göstərici Mərkəzi Bankın 4±2%-lik hədəf diapazonuna uyğundur. Onun sözlərinə görə, inflyasiya əsasən xarici təklif amillərinin təsiri altında formalaşır. Mərkəzi Bankın may proqnozlarına əsasən, inflyasiya 2026-cı ilin sonunda 5,9%, 2027-ci ilin sonunda isə 4,5% təşkil edəcək.
Ə.Məmmədyarovun sözlərinə görə, bank sektorunda kapital adekvatlığı əmsalı 17%, likvidliyin örtülməsi əmsalı 155%, problemli kreditlərin xüsusi çəkisi isə 2,9% təşkil edir ki, bu da maliyyə sektorunun dayanıqlığını nümayiş etdirir.
O əlavə edib ki, Azərbaycan iqtisadiyyatında hazırda üç mühüm struktur dəyişiklik müşahidə olunur. Bunlar qeyri-neft sektorunun iqtisadi artımda rolunun artması, tikinti kimi qeyri-ticarət sahələrindən nəqliyyat-logistika, informasiya texnologiyaları və qeyri-neft sənayesi kimi ticarət yönümlü sahələrə keçid, həmçinin iqtisadi artımın dövlət xərclərindən asılılığının tədricən azalmasıdır.
Əliyar Məmmədyarov bildirib ki, Mərkəzi Bankın may proqnozuna görə, 2026-cı ildə Azərbaycanın ÜDM-i 1,1% artacaq. Onun sözlərinə görə, iqtisadiyyatın növbəti inkişaf mərhələsində şaxələndirmə əsas prioritet olacaq və turizm bu baxımdan böyük potensiala malik sahələrdən biri hesab edilir. Dünya Bankının hesabatında da turizm infrastrukturunun, regional turizm istiqamətlərinin və nəqliyyat əlaqələrinin inkişafına dair praktiki tövsiyələr yer alıb.




