
Məqsəd əhalinin borclanmasını azaltmaq deyil, bu artımın sağlam əsaslar üzərində formalaşmasını təmin etməkdir.
BBN.az xəbər verir ki, bunu Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə bu gün “Maliyyə sabitliyi hesabatı”nın təqdimatına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, əsas prinsip insanların yalnız ödəyə biləcəkləri həcmdə borc götürməsidir:
“Borclanmanın artması müəyyən qədər bazanın aşağı olması ilə bağlıdır. Eyni zamanda, digər ölkələrin təcrübəsi göstərir ki, gəlirlər artdıqca borclanma da yüksəlir. Bu baxımdan ümumi borclanmanın artması normal hesab oluna bilər, əsas məsələ riskli və həssas kreditlərin payının artmamasıdır.
Statistikaya əsasən, yüksək borc yükünə malik (45%-dən yuxarı) seqment üzrə azalma müşahidə olunur. Əvəzində, daha çox insan kiçik məbləğlərlə borc götürməyə başlayıb: əvvəllər 41 nəfər borc alırdısa, indi bu rəqəm 110 nəfərə çatıb. Bu isə daha təhlükəsiz hesab olunur, çünki az sayda şəxsin böyük və qaytarılması çətin borc götürməsindən daha məqsədəuyğundur”.
Qeyd edək ki, əhalinin borc yükü üzrə dinamikası diqqət mərkəzində saxlanılır. Əhalinin sərəncamda
qalan gəlirlərində müsbət artım dinamikası müşahidə edilməyinə baxmayaraq, əhalinin borc yükünün sərəncamda qalan gəlirlərdəki payı artmaqdadır. Belə ki, əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti ötən ilin sonu ilə müqayisədə 0.4 faiz bəndi artaraq 18.4% olub.




