Cari ilin 24 sentyabr tarixində Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın “Beynəlxalq ticarət” işçi qrupunda yaradılan və Dövlət Gömrük Komitəsinin rəhbərlik etdiyi “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun növbəti görüşü keçirilmişdir.
Dövlət Gömrük Komitəsinin inzibati binasında təşkil olunan görüş zamanı Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun fəaliyyət istiqamətləri barədə məlumat verərək altqrupun 2024-cü il üçün Yol Xəritəsində öz əksini tapan tədbirlərin icrasının ölkəmizin beynəlxalq reytinqlərdə irəliləməsinə töhfə verəcəyini nəzərə çatdırmışdır.
Həmçinin, Yol Xəritəsinin müvafiq bəndlərinin icrası istiqamətində görülmüş işlərə dair məlumatlar verilmiş, icra vəziyyəti müzakirə edilmiş və altqrupun 10 iyul 2024-cü il tarixində keçirilmiş görüşü zamanı qərar alınmış bir neçə sahibkaryönümlü məsələlərlə bağlı fikir mübadiləsi həyata keçirilmişdir.
Bildirilmişdir ki, dövlət-biznes dialoqunun inkişaf etdirilməsi, xarici ticarət iştirakçıları üçün əlverişli münbit şəraitin yaradılması və keçirilən görüşlər zamanı xarici ticarət iştirakçıları tərəfindən qaldırılan sualların operativ qaydada cavablandırılması dövlət orqanları ilə biznes subyektləri arasında əməkdaşlığın bariz nümunəsidir.
Daha sonra, görüşün gündəliyinə uyğun olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyətli nümayəndəsi tərəfindən elektron “Bir pəncərə” sisteminə dair təqdimat nümayiş etdirilmiş və bu istiqamətdə görülən işlərlə bağlı məlumatlar görüş iştirakçılarının diqqətinə çatıdırılmışdır.
Sonda, altqrupun rəhbəri, Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov tərəfindən qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə tədbirlərin vaxtında və keyfiyyətli icrasının təmin edilməsinin vacibliyi diqqətə çatdırılmışdır.
Məlumat üçün bildiririk ki, “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupuna rəhbərliyi Dövlət Gömrük Komitəsi həyata keçirir.