
İslam maliyyəsinin gələcək inkişafı ayrı-ayrı ölkələrin səylərindən deyil, kollektiv fəaliyyətdən asılı olacaq.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş “İslam Maliyyəsi üzrə 20-ci IsDB Qlobal Forumu”nda bildirib.
Onun sözlərinə görə, Azərbaycanda İslam maliyyəsinin inkişafı istiqamətində əsas hədəflərdən biri yerli maliyyə institutlarında insan kapitalının gücləndirilməsi, nəzarət orqanlarının, müstəqil auditorların və digər bazar iştirakçılarının peşəkar potensialının artırılmasıdır.
Taleh Kazımov qeyd edib ki, beynəlxalq tərəfdaşlarla birgə keçirilən seminar və təlimlər vasitəsilə potensialın inkişafına dəstək göstərilir və effektiv İslam maliyyəsi ekosisteminin formalaşmasına töhfə verilir.
AMB sədri vurğulayıb ki, İslam maliyyəsinin növbəti inkişaf mərhələsinin uğuru yurisdiksiyalar arasında əməkdaşlığın səviyyəsindən asılı olacaq. Onun fikrincə, forumun əsas nəticələrindən biri institusional əməkdaşlığın daha da güclənməsi olmalıdır.
T.Kazımov həmçinin bildirib ki, Azərbaycan İslam maliyyə ekosisteminin inkişafına töhfə verməyə hazırdır. O qeyd edib ki, ölkə islahatçı dövlətlər və regionlarla bazarlar arasında körpü rolunu oynayaraq bu sahənin gələcəyinin formalaşmasında fəal iştirak etməyə sadiqdir.
Sədr əlavə edib ki, Azərbaycanın tarixi müxtəlif regionların kəsişmə nöqtəsində yerləşməsi ilə səciyyələnir və gələcək inkişaf da bu gün qurulan əməkdaşlıq və tərəfdaşlıqlardan asılı olacaq.
Mənbə: “Report”




