
Bu il Azərbaycanda inflyasiyaya ölkənin xarici ticarət tərəfdaşlarındakı inflyasiya 2,79 faiz bəndi artırıcı təsir edib.
Bunu Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında bildirib.
Azərbaycan Mərkəzi Bankı sədrinin sözlərinə görə, il ərzində kənd təsərrüfatı istehsalçılarının qiymət indeksinin təsiri inflyasiyanı əlavə 1,78 faiz bəndi artırıb.
O qeyd edib ki, 2026-cı ilin mart ayında Azərbaycan manatının nominal effektiv məzənnəsi ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 % möhkəmlənib. Bu isə inflyasiyaya təxminən 1 faiz bəndi azaldıcı təsir göstərib.
T.Kazımov bildirib ki, dövlət xərcləri və ev təsərrüfatlarının istehlakı müvafiq olaraq 7,3 % və 9,2 % artaraq inflyasiyaya ümumilikdə 2 faiz bəndi artırıcı təsir edib. Digər amillərin təsiri isə 2 faiz bəndi azaldıcı olub.
Xatırladaq ki, AMB-nin yenilənmiş proqnozlarına əsasən, Azərbaycanda illik inflyasiyanın 2026-cı ildə 5,9 %, 2027-ci ildə isə 4,5 % olacağı gözlənilir.
Qeyd edək ki, Mərkəzi Bank fevral ayında açıqladığı əvvəlki proqnozda 2026-cı il üzrə inflyasiyanı 5,5 %, 2027-ci il üzrə isə 4 % səviyyəsində qiymətləndirmişdi.




