
Türkiyənin elektron imza və rəqəmsal kimlik doğrulama texnologiyaları üzrə ixtisaslaşmış “Arksigner” şirkətinin məhsulları artıq SİMA ilə inteqrasiya edilərək ölkənin bank sektorunda tətbiq olunur.
Bu barədə şirkətin vitse-prezidenti Özləm Kahramaner Bakıda keçirilən “Türk Dövlətləri InsurTech Sammiti 2025” çərçivəsində bildirib.
Onun sözlərinə görə, növbəti mərhələdə Arksigner-in rəqəmsal təhlükəsizlik həlləri ödəniş şirkətlərində də istifadəyə veriləcək:
“Azərbaycanda güclü və etibarlı rəqəmsal kimlik doğrulama infrastrukturunun formalaşdırılması əsas hədəfimizdir. Bank sektorunda qazandığımız təcrübəni ödəniş şirkətlərində tətbiq etməklə maliyyə bazarında daha geniş təhlükəsizlik təmin etməyi planlaşdırırıq”.
Şirkət rəsmisi qeyd edib ki, təqdim edilən texnologiyalar süni intellektlə dəstəklənir və saxtakarlığın qarşısının alınmasına, əməliyyatların etibarlılığının artırılmasına imkan yaradır.







