
ABŞ-ın Maliyyə naziri Skott Bessent Parisdə keçirilən G7 toplantısı çərçivəsində verdiyi eksklüziv müsahibədə Pekinlə münasibətləri gərginləşdirəcək yeni siqnallar verib! Bessent Tramp administrasiyasının Çin ilə noyabr ayında başa çatacaq gömrük rüsumları və kritik faydalı qazıntıların ticarətinə dair “ticarət atəşkəsi” sazişini uzatmaq üçün “heç bir tələsikliyinin olmadığını” bəyan edib. Hazırda ABŞ-Çin ticarət xəttində vəziyyətin sabit olduğunu vurğulayan nazir, Pekinin xüsusilə kritik mineralların tədarükü üzrə öhdəliklərini “əla deyil, sadəcə qənaətbəxş” yerinə yetirdiyini qeyd edərək masada şərtləri diktə edən tərəfin Vaşinqton olduğuna eyham vurub. Keçən həftə Pekində Tramp və Si Cinpin arasında baş tutan yüksəksəviyyəli sammitdən sonra gələn bu açıqlama, ABŞ-ın sentyabrda Çin liderinin Vaşinqtona planlaşdırılan rəsmi səfərinə qədər rüsum rıçaqından maksimum istifadə edəcəyini göstərir. Analitiklər Bessentin “Çin rüsumların əvvəlki səviyyəyə qayıtmasını qəbul edəcək” fikrini yaxın aylarda qlobal tədarük zəncirlərində və birjalarda yeni bir qeyri-müəyyənlik dalğasının başlaya biləcəyinə dair ciddi xəbərdarlıq kimi qiymətləndirirlər.




