
Gələn ildən Azərbaycanda vətəndaşlara faizsiz kreditlərin təqdim olunması planlaşdırılır. Bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sektorunun davamlı inkişaf departamentinin direktoru Rüstəm Tahirov Bakıda keçirilən Azərbaycan Halal Biznes Forumunda açıqlayıb.
Onun sözlərinə görə, hazırda ölkədə İslam maliyyə məhsullarının tətbiqi ilə bağlı hüquqi və tənzimləyici bazanın formalaşdırılması istiqamətində işlər aparılır. Beynəlxalq təcrübə nəzərə alınmaqla təhlükəsiz və mərhələli yanaşma seçilib. İlkin mərhələdə İslam bankçılığı məhsulları ənənəvi banklar daxilində “İslam pəncərəsi” modeli vasitəsilə təqdim olunacaq.
Bu istiqamətdə Mülki Məcəllə, Vergi Məcəlləsi, Bankçılıq haqqında Qanun və digər normativ aktlara dəyişikliklər hazırlanaraq bank sektoruna təqdim edilib.







