
2008-2024-cü illərdə Azərbaycanda təsdiqlənmiş qeyri-suveren əməliyyatların ümumi dəyəri 2,6 milyard ABŞ dolları təşkil edib.
“Report” Avrasiya İnkişaf Bankına (EDB) istinadən xəbər verir ki, Azərbaycanın əsas investorları arasında Avropa Yenidənqurma və İnkişaf Bankı (848 milyon ABŞ dolları), Asiya İnkişaf Bankı (791 milyon ABŞ dolları), Beynəlxalq Maliyyə Korporasiyası (209 milyon ABŞ dolları) və Asiya İnfrastruktur İnvestisiya Bankı (170 milyon ABŞ dolları) yer alıb. EDB prioritet sahələr kimi energetika (714 milyon ABŞ dolları) və maliyyə sektorunu (517 milyon ABŞ dolları) göstərib.
Hesabatda qeyd olunur ki, Azərbaycanda maliyyələşdirmənin orta illik dəyəri 2,6 dəfə artaraq 2008-2010-cu illərdəki 108 milyon ABŞ dollarından 2022-2024-cü illərdə 280 milyon ABŞ dollarına çatıb.
Beynəlxalq maliyyə təşkilatları Cənubi Qafqaz ölkələrində 2008-2024-cü illər ərzində ümumilikdə 11,3 milyard ABŞ dolları məbləğində qeyri-suveren maliyyələşdirməni təsdiqləyiblər. Avrasiya regionunda qeyri-suveren əməliyyatların ümumi məbləğində Cənubi Qafqaz ölkələrinin payı 2008-2010-cu illərdəki 9 %-dən 2022-2024-cü illərdə 20 %-ə yüksəlib.
2022-2024-cü illərdə Avrasiya regionunda təsdiqlənmiş qeyri-suveren maliyyələşdirmənin dəyəri 16,4 milyard ABŞ dolları olub. Bunun 40 %-i (6,5 milyard ABŞ dolları) EDB-nin, 23 %-i (3,6 milyard ABŞ dolları) EBRD-in, 17 %-i (2,8 milyard ABŞ dolları) Dünya Bankı Qrupunun payına düşür. Azərbaycanın payı isə 840 milyon ABŞ dollarıdır.
Maliyyə sektoru 2022-2024-cü illərdə beynəlxalq maliyyə təşkilatlarından 5,4 milyard ABŞ dolları (ümumi dəyərin 33 %-i) cəlb edib. Energetika sektoru isə 4,8 milyard ABŞ dolları (29 %) ilə ikinci ən əhəmiyyətli sahədir.




