İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə ekosistem oyunçuları arasında mütəmadi keçirilən növbəti görüş aktual məsələləri əhatə edən təqdimatlar və zəngin fikir mübadiləsi ilə yadda qalıb. Qurumun innovasiya üzrə rəhbəri İqor Ovçarenko “Spring’24 Ecosystem Meetup”ı giriş sözü ilə açdıqdan sonra İnnovasiya ekosistemi departamentinin müdiri Yevgeniya Bikmurzina qonaqları cari ilin birinci rübü ərzində həyata keçirilən fəaliyyətin nəticələri, habelə yeni layihə və imkanlar haqqında məlumatlandırıb. Çıxışı zamanı o, texnoloji diasporla işin önəmindən bəhs edib: “Azərbaycanın xaricdə yaşayan texnoloji diasporu ilə “Roadshow” çərçivəsində daha aktiv fəaliyyətin təşkili və qlobal tədbirlərə cəlb edilməsi Azərbaycan ekosisteminin geniş auditoriya tərəfindən tanınması adına olduqca vacibdir”, – deyə Agentlik rəsmisi bildirib.
Tədbirdə qonaq qismində bir neçə xarici ekspert də iştirak edib. Qlobal ekosistemdə tanınmış “Pulsar” platformasının təsisçisi, “East-West Digital News”un təsisçisi və baş yazarı Adrien Henni təqdimatı zamanı beynəlxalq texnologiya mediasında Azərbaycanın ekosistemi haqqında məlumatlılığın artırılması istiqamətində daha mütəşəkkil fəaliyyətin vacibliyini vurğulayıb. Bunun üçün yerli startaplar və digər ekosistem oyunçuları ilə daha sıx əməkdaşlıq etmək niyyətində olduğunu bildirib.
Türkiyənin innovasiya üzrə aparıcı strateji konsaltinq firması olan “Viveka”nın idarəedici tərəfdaşı Barış Okur çıxışı zamanı təmsil etdiyi şirkət haqqında ətraflı məlumat paylaşıb. İndiyə qədər Azərbaycanda İRİA ilə tərəfdaşlıq çərçivəsində təşkil edilən “Viveka Company Creation” və “Viveka Mentorship” proqramlarının gələcək əməkdaşlıq üçün dayanıqlı zəmin yaratdığını bildirib.
“Spring’24 Ecosystem Meetup”a, həçminin yerli ekosistemin tanınmış oyunçuları da qatılıblar. “GoUp Community”nin təsisçisi Elşad Ağazadə yerli və xarici mütəxəssislərin üzvü olduğu mühəndislər icması haqqında məlumat verib. O qeyd edib ki, bu layihənin məqsədi süni intellekt və açıq mənbə texnologiyası əsasında fəaliyyət göstərən 50 yerli startapın qlobal bazara çıxarılmasıdır. Tədbirin digər qonağı, “GameSummit”in təsisçisi Fuad Nəsirov çıxış edərək yaratdığı platformanın videooyun sektorunda güclü bir icmanın formalaşdırdığını və hal-hazırda ölkədə ən böyük oyun icması olduğunu bildirib.
“BonPara” startapının və Azərbaycan Elektron Ticarət İcmasının təsisçisi Orxan Əhmədov “Azərbaycanda elektron ticarət klasteri” mövzusunda çıxış edib. O, təsis etdiyi platformanın altlayihələri “eCom Academy”, “eComX Incubation”, “wecom.az” vasitəsilə ölkədə elektron ticarətin inkişafına müxtəlif istiqamətlərdə töhfə verməyi planlaşdırdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin sonuncu hissəsində İnnovasiya ekosistemi departamenti, Startap ekosisteminin quruculuğu şöbəsinin rəhbəri Camal Ağayev çıxış edib və startapların proqramlara seçim meyarları, proqramların keyfiyyəti, mentorluq və digər mövzularla bağlı öz rəylərini verib. O bildirib ki, İRİA bu ildən ekosistemdə müxtəlif proqramlarda iştirakın keyfiyyətinin ölçülməsini daha sistemli şəkildə həyata keçirəcək və bu, data əsaslı ekosistem anlayışına keçid prosesini sürətləndirəcək. “İndiyə qədər olan fəaliyyətin verilənləri əsasında aparılan təhlillər ekosistemdə bir sıra problemli məqamları çevik müəyyən etməyə və mövcud resursları daha səmərəli istiqamətləndirməyə kömək edəcək. Bunun sayəsində proqram operatorları startapların inkubasiya və ya akselerasiya proqramlarına qəbulu zamanı daha effektiv qərarvermə mexanizmini tətbiq edə biləcəklər”, – deyə o öz çıxışında qeyd edib.
Xatırladaq ki, İRİA-nın mütəmadi keçirdiyi “Ecosystem Meetup” görüşlərinin əsas məqsədi innovasiya ekosisteminin oyunçuları ilə Agentlik arasında əlaqələri gücləndirmək, təcrübə və bilik mübadiləsi, habelə çağırışlar, nailiyyətlər və planların müzakirəsi üçün platforma rolunu oynamaqdır.