
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8% səviyyəsində dəyişməz saxlanılıb.
Faiz dəhlizi ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, qlobal iqtisadiyyatda və maliyyə bazarlarındakı vəziyyət, ölkədaxili makroiqtisadi meyillərin təhlili və pul siyasəti qərarlarının real sektora ötürücülüyü nəzərə alınmaqla qəbul olunub.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar faktiki inflyasiyanın istiqaməti, habelə xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq veriləcəkdir. Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə etməyə davam edəcəkdir.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2025-ci il dekabr ayının 10-da ictimaiyyətə açıqlanacaqdır.







