
AZCON Holding-ə daxil olan “Bakı Metropoliteni” QSC rəqəmsal ödəniş sistemlərinin genişləndirilməsi istiqamətində daha bir yenilik həyata keçirib.
Şirkətdən verilən məlumata görə, artıq metropoliten sərnişinləri gedişhaqqını NFC funksiyasını dəstəkləyən yerli bank kartları, həmçinin Apple Pay və Google Pay vasitəsilə ödəyə biləcəklər. Bununla yanaşı, “BakıKart”, “BirBank” və “M10” tətbiqləri ilə ödənişlər də qüvvədə qalır.
Yeni ödəniş sistemi bir müddət sınaq rejimində yoxlanıldıqdan sonra artıq bütün metro stansiyalarında tam şəkildə tətbiq olunmağa başlayıb. İlkin mərhələdə yenilik Bənövşəyi xəttin stansiyalarında sınaqdan uğurla keçirilib.
Məlumata əsasən, NFC ödənişlərində bank kartında balans olmasa belə, sərnişinə bir dəfəlik keçid imkanı veriləcək. Lakin balans bərpa edilmədiyi halda həmin kartla növbəti ödənişlər avtomatik olaraq bloklanacaq.
Hazırda eyni turniketdən eyni kartla ikinci dəfə keçid üçün 10 dəqiqəlik fasilə tələb olunur, lakin bu müddətin gələcəkdə optimallaşdırılması istiqamətində işlər aparılır.







