

ABŞ-ın texnologiya nəhəngi Microsoft 2025-ci maliyyə ilinin üçüncü rübünə dair maliyyə nəticələrini açıqlayıb. Şirkətin yanvar-mart dövründə əldə etdiyi gəlirlər analitik proqnozları üstələyib.
BBN.az xəbər verir ki, hesabat dövründə Microsoft-un gəlirləri ötən ilin eyni rübü ilə müqayisədə 13% artaraq 70,1 milyard dollara yüksəlib. Müvafiq göstərici 2024-cü ilin eyni dövründə 61,9 milyard dollar təşkil etmişdi.
Eyni zamanda, şirkətin xalis mənfəəti 18% artaraq 25,8 milyard dollara çatıb. Bir il əvvəl bu rəqəm 21,9 milyard dollar olmuşdu. Səhm başına qazanc isə 2,94 dollardan 3,46 dollara yüksəlib.
Microsoft-un bulud platforması Azure və digər bulud xidmətləri üzrə gəlirlər də yüksəlmə trendini qoruyub və illik müqayisədə 33% artaraq bazar gözləntilərini geridə qoyub.
Microsoft-un baş direktoru Satya Nadella açıqlamasında qeyd edib ki, süni intellekt və bulud texnologiyaları müasir bizneslərin məhsuldarlığını artırmaq, xərcləri azaltmaq və daha sürətli inkişaf təmin etmək baxımından əsas amillərdir. Onun sözlərinə görə, Microsoft müştərilərinə hər səviyyədə – infrastrukturdan tutmuş tətbiqlərə qədər – innovativ həllər təqdim etməkdə davam edir.