
Azərbaycan iqtisadiyyatının 2026–2029-cu illərdə orta illik 3,5 faiz artım göstərəcəyi gözlənilir.
BBN.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən iclasda – “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı məlumat verib.
Nazir bildirib ki, büdcə hazırlanarkən əsas diqqət sosial-iqtisadi inkişaf proqnozlarının dəqiqliyinə və qlobal dəyişikliklərin nəzərə alınmasına yönəlib. Onun sözlərinə görə, geosiyasi və geoiqtisadi qeyri-müəyyənliklər, eləcə də dünya enerji, ərzaq və maliyyə bazarlarındakı dəyişikliklər fonunda büdcə proqnozları baza, optimist və pessimist ssenarilər üzrə qiymətləndirilib. Bu ssenarilər risklərin hesablanmasında da əsas meyar kimi istifadə olunub.
Mikayıl Cabbarov əlavə edib ki, ÜDM-in 2026-cı ildə 2,9 faiz, 2026–2029-cu illər arasında isə orta illik 3,5 faiz artması proqnozlaşdırılır. Qeyri-neft-qaz sektorunda isə artım tempinin həm qısamüddətli, həm də orta müddətli dövrdə təxminən 5 faiz səviyyəsində olacağı gözlənilir.







