Beynəlxalq əmtəə birjalarının əsasını təşkil edən xam neft qiymətləri tələb-təklif dəyişiklikləri ilə yanaşı, bir sıra başqa xarici amillərin təsiri ilə də dalğalana bilir. Rusiya və Ukrayna sərhəddində yaranan və bir müddətdir ki dünya ictimaiyyətini narahat edən qarşıdurma da bu amillərdən biridir.
“JPMorgan” investisiya bankının sektor üzrə proqnozları özündə cəmləşdirən araşdırmasına istinadən, Rusiya və Ukrayna arasında münaqişənin davam etməsi, dünyanın ən böyük xam neft hasilatçılarından olan Rusiyanın təklifi azaltmasına gətirib çıxara bilər. Bu isə, öz növbəsində qlobal birjalarda neft qiymətlərini birinci rübdə 120 dollara, birinci yarımillikdə isə 150 dollara qədər artıra bilər.
Qeyd edək ki, ən son 2008-ci ildə “Brent” markalı neftin barel qiyməti 147.5 dollar ilə rekord səviyyəyə yüksəlib.