Koronavirus pandemiyasının dünya iqtisadiyyatında özünü ən çox biruzə verdiyi sahələrdən biri də yarımkeçiricilərdir. Yarımkeçiricilərin istehsalında axsamalar nəticəsində yaranan qıtlıq səbəbindən bir çox beynəlxalq elektronika istehsalçıları tələbi qarşılaya bilmirlər. Ötən il smartfon satışlarında 7%-lik gerilməyə gətirib çıxaran bu tendensiya “Ford”, “Volkswagen” kimi bir sıra nəhəng avtomobil istehsalçılarının da istehsal həcmini azaltmasına səbəb olub.
ABŞ Ticarət Departamenti nümayəndəsi mətbuata açıqlamasında bu məsələyə qısa müddətdə həll yolu tapıla bilməyəcəyini vurğulasa da, “Fitch Ratings” müsbət proqnoz açıqlayıb. Sözügedən beynəlxalq reytinq agentliyinin araşdırmalarına əsasən, yarımkeçirici çip qıtlığının 2022-ci ilin ikinci yarısında artıq yumşalacağı göstərilib.
Yarımkeçirici istehsalında təklifin artırılması və qıtlığın aradan qaldırılması yönündə daha bir böyük addım atılıb. Belə ki, beynəlxalq texnologiya nəhəngləri “Samsung”, “TSMC” və “Intel” konsorsium yaradaraq tərəfdaşlıq çərçivəsində çip istehsalında ortaq araşdırmalar nəticəsində yeni sənaye standartları yaradılmasını planlaşdırırlar.
Qeyd edək ki, qısa zamanda “Advanced Micro Devices”, “Qualcomm”, “Arm”, “Google Cloud”, “Meta” və “Microsoft” kimi texnologiya nəhənglərinin da konsorsiuma qoşulacağı proqnozlaşdırılır.